Sinifdə səs-küyün idarə edilməsi
Paylaşılma tarixi: 2024-04-18Bu yazıda fokuslanmış öyrənmə mühiti yaratmaq üçün sınanmış üç metoddan bəhs edəcəyəm. Uşaqların həmişə danışmağa sözləri və oynamağa böyük həvəsləri var, xüsusilə də 1-5-ci siniflərin. Onların enerjisi və həvəsi gözəl olsa da, diqqətlərini cəlb etmək effektiv tədris üçün vacibdir.
Uşaq məktəbə gəlir, onun növbəti sosial rolu, şagirdlik başlayır. Bütün rollar kimi, şagirdliyin də öz öhdəlikləri var, məsələn, müəllimə diqqətlə qulaq asmaq kimi. Lakin bu o demək deyil ki, diqqət asanlıqla müəllimə hədiyyə ediləcək bir şeydir. Bir az oxuyandan sonra özümdə belə fikir formalaşdırmışdım, sən dərsi elə qurmalısan ki, uşaqların beynindəki meymunu ram edə biləsən. Dərs deməyə başladığım ilk illərdə uşaqların diqqətini cəlb etmək üçün səsimin gücündən istifadə edərdim. Mən sadəcə onların səs-küyünə qalib gələrdim. Bu, onların çoxunu öz fəaliyyətini dayandırmağa vadar etsə də, diqqətlərini qazanmaq olmurdu. Sonra hamının diqqətini çəkənə qədər uşaqların davranışını düzəltməyə çalışardım, filankəs, hələ də fikrin məndə deyil, düz otur və s. Bunu edəndə fərq edirdim ki, çox yoruluram, mənim səsimdən mənə yaxın əyləşmiş şagirdlər də yorulur, onsuz da bəzi uşaqlar ümumiyyətlə bunlara reaksiya vermirdi. Bundan əlavə, digər şagirdlər yoldaşlarına qışqıraraq onları susdurmaq üçün mənə kömək etməyə çalışırdılar. Günlər belə məmnuniyyətsiz şəkildə davam edirdi, mənim üçün məktəb stres mənbəyi idi və etiraf edim ki, fəaliyyətimin ilk üç ili bügun-sabah ürəyimcə iş tapıb çıxmağı düşüməklə keçirdi. Hamımız bunlardan keçmişik, ancaq inanın ki, ümumiyyətlə heç nə demədən sinfi sakitləşdirməyin təsirli yolları var, ya təlimlərə qatılmaq, ya da araşdırmaq lazımdır.
Bir dəfə, bir təlimə qatıldım. Həmin təlimdə bizə uşaqların diqqətini cəlb etmək üçün yavaşca, sakit və səssizcə bir əlimizi yuxarı qaldırmağı (məsələn, sağ qol yarıbükülü vəziyyətdə başın üzərində qaldırılır, ovucumuz uşaqlara doğru) öyrətdilər, bununla müəllim sinfə onların diqqətinə ehtiyacı olduğunu bildirirdi və sonra sinifdəki hər kəsin onu görüb əlini qaldırmasını gözləyirdi. Üsulun adı “Beş ver!” (Give five) adlanırdı. Bu bilirsiniz necə gözəl işlədi? Mən heç qışqırmadan sinfimin diqqətini yenidən özümdə cəmləşdirə bilməyi öyrəndim. Hə onu qeyd edim ki, siz gəlib bunu uşaqlara göstərən kimi onlar bunu eləmirlər.
Əsas məsələ odur ki, belə prosedurları sinifinizin bütün diqqəti sizdə olduqda onlara təqdim edin. Bu addımları onlarla dəfələrlə məşq edin, çünki bunlar yeni vərdişlərdir və uşaqların yeni vərdişləri mənimsəməsi üçün vaxta ehtiyacı vardır. İsrarlı olun. Bəli məşq zamanı müəyyən qədər vaxtınız itəcək. Lakin sonra bu sizə xeyli vaxt və enerji qazandıracaq. Əsas məsələ uşaqlarla münasibətləriniz korlanmayacaq.
Prosedur (addımlardan ibarət proses) belədir. Sakitcə əlinizi yuxarı tutmaqla siz şagirdlərdən sizə diqqət yetirmələrini, susmalarını, sakit olmalarını və dinləmələrini xahiş edirsiniz.
“Beş ver!” konsepsiyasını uşaqlara necə təqdim etməli:
1. Uşaqların hamısının sizi görə biləcəyi şəkildə (ayaq üstdə, sinfin mərkəzində) əlinizi qaldırıb sinfə diqqətlə baxırsınız, sakit və hərəkətsiz olun, danışmayın.
2. Sinifinizi göstərin və sizinlə birlikdə bunu etsinlər.
3. Siz növbəti dəfə bu hərəkəti etdikdə sizi görən şagird sizin kimi heç nə demədən, sakit şəkildə əlini qaldırmaqla sizi anladığını və razılaşdığını göstərir.
Sinifdə əllər qalxmağa başladıqda diqqəti yayınıq uşaqlar da bunu görüb reaksiya verirlər. İlk vaxtlar bir az çox vaxt alsa da, sonra prosedurun icrası asanlaşır.
İkinci üsul, səs çoxaldıqda bir dəqiqəlik bir musiqi səsləndirməkdir. Üsulun adını bilmirəm. Bu daha çox qrup işi zamanı uşaqların işləri yekunlaşdırması lazım olduğunu bildirən siqnal kimi istifadə edilir. Uşaqlara bu musiqini əvvəlcədən dinlədib, onlarla razılaşdırıb, sonra istifadə edilsə, daha yaxşı olar. Yəni bir növ, əvvəlcə məşq edin, sonra istifadə edin. Belə musiqidən istifadə dərsin mərhələləri arasında yumşaq keçidi təmin edir.
Üçüncü üsul, sinfə girən kimi uşaqların diqqətini cəlb etməyə hesablanmışdır. Üsula bir ad verməmişdim, lakin sinfin “emosional check-up“-ı kimi qəbul edirdim. Bu da əlbəttə məşq edilməlidir. Sinfə girib salamlaşandan sonra, uşaqlara “Bu gün necəsən?” sualı ünvanlayırdım. Əvvəlki məşqlərimizə uyğun olaraq 1-dən 5-ə (1-çox pisəm, 2- pis hiss edirəm, 3- normal hiss edirəm, 4-yaxşıyam, 5-əlayam) qədər rəqəm göstərirdilər. Mən özüm də necə hiss etdiyimi göstərirdim. Dərsin sonunda adətən bir də soruşurdum, çox pis, pis hiss edənlərə kiçik yoxlayıcı suallar verirdim dərs sonuna necə hiss edirlər. Bu uşaqlarla aramızda bağlılığı gücləndirirdi sanki, həqiqətən onların qayğısına qaldığımı hiss edirdilər. Bu mənim üçün də yaxşı idi ki, dərs zamanı diqqətə daha çox ehtiyacı olanı müəyyən edib, verbal və ya qeyri-verbal olaraq dəstək olmağa çalışırdım.
Bu üsulları istifadə etməyə başlayandan sonra həqiqətən də müəllimlikdən zövq almağa başladığımı hiss eləmişdim, sanki uşaqlarla aramızdakı görünməz divar yoxa çıxmışdı, çox anlayışlı olmuşdular. Ümid edirəm bu üsullar sizin də işinizi asanlaşdırar və müəllimlikdən daha çox zövq almağa başlayarsınız.

Ən son xəbərlər:
Yeni başlanğıc: təcrübə üzərində düşüncələr
2024-09-09
Sinifdə səs-küyün idarə edilməsi
2024-04-18